“Ermənistan Azərbaycanın milli sərvətlərini sataraq iqtisadiyyat formalaşdırmağa öyrəşib”

Paylaşın

Laçın-Xankəndi yolunda ekofəalların aksiyası 95 gündür ki, davam edir. Bu gün Şuşa – Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus avtomobillər maneəsiz hərəkət edib. Lakin qondarma “dövlət naziri”  Q.  Nersisyan açıqlamasında  Şuşa – Xankəndi yolunda keçirilən etiraz aksiyasının  Qarabağ erməniləri üçün çətinliklər yaratdığını bildirib. “Dövlət naziri” Nersisyan deyib ki, iqtisadi vəziyyət hər gün daha da çətinləşir.

News365.az xəbər verir ki, Nersisyanın bu açıqlamasını şərh edən Milli Məclisin üzvü Azər Badamov bildirir ki,  ermənilərin iqtisadi çətinliklərinin Laçın yoluna aidiyyatı yoxdur:

“Bu yol humanitar məqsədlər üçün açıqdır. 95 gündür ki, bu yolda ekoaktivistlərin aksiyası davam etsə də, humanitar yüklər və mülki insanlar üçün yol açıqdır. Əgər bu yoldan humanitar yüklərin daşınmasına icazə verilməsəydi, indiyə qədər orada aclıq və digər problemlər yaranardı. Onlar orda yaşayırlarsa, qidalanırlarsa, deməli yolda blokada yoxdur. Ermənistan Azərbaycanın milli sərvətlərini sataraq iqtisadiyyat formalaşdırmağa öyrəşib. Biz seperatçılara Azərbaycan ” Qızılbulaq”  qızıl və ” Dəmirli” mis-molibden yataqlarının məhsullarını  çıxarıb satmalarına icazə vermirik. Bu da təbii ki, onların maliyyələrinin azalmasına gətirib çıxarır. Eyni zamanda Ermənistanda iqtisadi tənəzzül getdikcə dərinləşir. Əvvəllər Ermənistan seperatçıları dolandıra bilirdisə, indi maliyyə ayırmaqda çətinlik çəkirlər. Qarabağda yaşayan ermənilər Azərbaycan cəmiyyətinə reinteqrasiya olarlarsa, onda onların iqtisadi güzəranı da yaxşılaşacaq “.