“Azərbaycan xalqının böyük əksəriyyəti bu əməliyyatın arxasındadır”

Paylaşın

Qeyri-rəsmi məlumatlara görə, Qarabağda 10 min nəfərədək qeyri-qanuni erməni silahlıları var.  Rəsmi Bakını narahat edən məsələlərdən biri 10 noyabr razılaşmasının 4-cü bəndində nəzərdə tutulan erməni silahlı qüvvələrinin hələ də bölgədən çıxarılmamasıdır. Razılaşmaya görə, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Eyni zamanda həmin silahlı birləşmələrə qeyri-qanuni yollarla silah daşınmasını sübut edən videomateriallar mövcuddur. Videogörüntülərdə Rusiya sülhməramlılarının öhdəliklərini pozaraq silah daşınmasına göz yumduqları müşahidə olunur. Həm Ermənistan tərəfi, həm də sülhməramlılar öhdəliklərini yerinə yetirməkdən boyun qaçırırlar.  Azərbaycan ərazilərində seperatizmin qarşısını almaq üçün Azərbaycanın  antiterror əməliyyatı həyata keçirməsi gündəmdədir. Antiterror əməliyyatlarının keçirilməsinə mane olan nədir?

News365.az xəbər verir ki, hərbi ekspert Emin Həsənli bildirir ki, həm hüquqi, həm də hərbi cəhətdən Azərbaycanın istənilən vaxt bu əməliyyatı həyata keçirmək imkanı var:

” Antiterror əməliyyatı hər an keçirilə bilər. Bu əməliyyatı keçirməyə həm Azərbaycan konstitusiyası, həm də beynəlxalq hüquq imkan verir. Ermənistan heç vaxt üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Azərbaycan xalqının böyük əksəriyyəti bu əməliyyatın arxasındadır. Çünki bu xalq Ermənistanı tanıyır. Azərbaycan Prezidenti nəyi, nə vaxt yerinə yetirəcəyini gözəl bilir. “Vətən Müharibəsi” də bunun sübutudur. Azərbaycan siyasi, iqtisadi, hərbi sahədə Ermənistandan dəfələrlə güclüdür. Ermənistan son dövrlərdə müasir silahlar əldə etmək istəsə də, Azərbaycan ordusunun potensialı Ermənistandan çox daha böyükdür” .