Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında qeyd edib ki, beynəlxalq ictimaiyyət yeni eskalasiya təhlükəsini yüksək səviyyədə bəyan etməlidir:
“Laçın yolunun “blokadaya” alınmasını və Azərbaycanın Qarabağda “etnik təmizləmə təhlükəsinin” olduğunu nəzərə alsaq, Ermənistan rəhbərliyinin mövqeyi dəyişməz olaraq qalır – Laçın yolu və Qarabağa beynəlxalq faktaraşdırıcı missiya göndərilməlidir”, -deyə Paşinyan bildirib.
Beynəlxalq hüquq Azərbaycan ərazilərinə Azərbaycanın icazəsi olmadan faktaraşdırıcı missiyanın gətirilməsinə icazə verir?
News365.az xəbər verir ki, hüquqşünas Ruzi Səmədovun fikrincə, Paşinyanın bu fikirləri sadəcə daxili auditoriyada ictimai rəy formalaşdırmağa hesablanmış xülyadır:. Hüquqşünas bildirir ki, Qarabağda Paşinyanın iddia etdiyi məsələlərin baş verdiyinə dair faktlar yoxdur:
” Paşinyanın qeyd etdiyi bu məsələ provakativ xarakter daşıyır. Hüquqi nöqteyi-nəzərdən humanitar böhran, etnik təmizləmə və soyqırım məsələlərinin hüquqi faktları və əsasları olmalıdır. Humanitar məsələlərdə, konkret olaraq, cəmiyyəti humanitar fəlakətə gətirəcək faktlar olmalıdır. Qarabağda bu yoxdur. Hansısa kanalın, suyun qarşısının alınması faktları yoxdur. Əksinə videogörüntülərdə maşınlar humanitar yükləri daşıya bilirlər” .
Hüquqşünas qeyd edir ki, faktaraşdırıcı missiyanın bölgəyə göndərilməsi real görünmür:
” Etnik təmizləməyə gəlincə, bölgədə erməni olduğuna görə və ya irqinə, cinsinə görə insanların öldürülməsi faktı varmı?! Bunların heç biri yoxdur. Bunlar hamısı xülyadır. BMT faktaraşdırıcı missiyasının Azərbaycana göndərilməsindən söhbət gedirsə, bunun üçün Təhlükəsizlik Şurası üzvləri yekdilliklə səs verməlidirlər. Bu isə sual altındadır. Ona görə ki, Rusiya bölgədə beynəlxalq gücləri istəmir. Digər məsələ isə bölgə Azərbaycanın suveren ərazisi olduğu üçün Azərbaycan missiyanın gəlməsinə razılıq verməlidir. Bütövlükdə götürəndə Paşinyanın bu fikiri daxili auditoriyaya hesablanmış bir fikirdir”.