Martın 15-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib.
News365.az saytına açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev bildirir ki, islamafobiya il bağlı keçirilən ilk konfransdır:
” BMT Baş Assambleyası İslamafobiya ilə bağlı qətnamə qəbul etmişdi. Biz həmin qətnamənin birinci ildönümünü qeyd edirik. Bu münasibətlə belə bir konfrans keçirilir”.
Fərid Şəfiyev bildirir ki, konfransda islamafobiya qlobal təhlükəsizliyə təhdid olaraq dəyərləndirilib, Azərbaycanın əhalisinin də dini dəyərləri vaxtilə düşmən vandalizminə məruz qalıb:
” 30- a yaxın ölkədən alimlər konfransa cəlb olunublar. İslamafobiyanı qlobal təhlükəsizliyə təhdid olaraq müzakirə edirik. İslamafobiya Qərb ölkələrində yaşayan müsəlman icmalara bir təhlükədir.Bu məsələnin Azərbaycan konteksti də var. Azərbaycan torpaqları 30 il ərzində işğalda saxlanıb, məscidlərimiz dağıdılıb. Baxmayaraq ki, bu münaqişə dini münaqişə deyildi. Ərazi iddiaları əsasında törədilmiş təcavüz aktı idi. Ermənilər Avropa ölkələrində olan müxtəlif xristian dini qruplarından istifadə edərək Azərbaycana hücum ediblər. Konfransda iştirak edən alimlərin arasında da ayrı- seçkiliklə üzləşən şəxslər var. Onlar Azərbaycanın da bu problemlərlə üzləşdiyini gördükdə bizimlə müəyyən bir emosional bağ yaradırlar”.
Fərid Şəfiyev onu da qeyd edir ki, Azərbaycan xalqının məruz qaldığı faciələr dünya ictimaiyyətinin diqqətinə daim çatdırılmalıdır:
” İtaliyadan, Amerikadan olan alimlər var ki, onlar Azərbaycanı dəstəkləyirlər. 20 il bundan əvvəl Xocalı Faciəsini Qərbdə və Avropada heç kəs bilmirdi. Lakin indi bilirlər. Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq üçün yenə də işlər aparılacaq. Bu uzunmüddətli prosesdir. Zaman keçdikcə Qərb araşdırmaçıları da bu həqiqətləri araşdıracaqlar “.