“Azərbaycan əlehinə qərarların qəbulu sifarişdir”

Paylaşın

” 30 illik işğal dövründə Fransa Azərbaycana qarşı mövqeyində nisbətən balanslı idi. Lakin 2020-ci ildə artıq Fransanın mövqeyində dəyişiklik gördük”.

Bu fikirləri News365.az saytına açıqlamasında politoloq Orxan Amaşov bildirir. Politoloq qeyd edir ki, Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi təkcə erməni lobbisinin fəaliyyətinin deyil, Fransa hakimiyyətinin siyasətinin nəticəsidir:

“Burada erməni lobbisinin də rolu var. Eyni zamanda burada Türkiyə amili var. Azərbaycan bölgədə güclənir və Türkiyənin nüfuzu artır.Burada Fransa düşünür ki, Ermənistana dəstək olmaq onların maraqlarına uyğundur. Düşünürəm ki, bu yanlış yanaşmadır. Ancaq bu onların dövlət siyasətidir. Onların qanunverici orqanların qəbul etdiyi qərarlara münasibətdə qeyd edirik ki, onların hüquqi qüvvəsi yoxdur. Bu qərarların qəbulu siyasi sifarişdir. Qərarın lehinə səs verənlərin sayına baxdıqda burada bir komanda oyunu görürük. Erməni lobbisi güclüdür. Lakin Fransa dövlətinin də marağı olmasa, Azərbaycana qarşı qərarlar verməzdi. Fransa ilə münasibətlərin normallaşdığı vaxt gələcək. Lakin bunun yaxın zamanda olacağını düşünmürəm”.

Çoxlarını düşündürən bir digər məsələ də Türkiyədə keçiriləcək Prezident seçkilərində Ərdoğandan başqa namizəd seçilərsə, Azərbaycan-Türkiyə münasibətlərinə necə təsir edəcəyidir. Politoloq qeyd edir ki, fundamental dəyişiklik baş verməsi gözlənilmir, ancaq İlham Əliyevlə Ərdoğan arasında illər ərzində formalaşmış etibar var:

” Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin dərin kökləri var. Bu qardaşlıq davam etməlidir. Belə yanaşma da var ki, Azərbaycan və Türkiyə liderləri arasında uzun illər ərzində bir kimya, etibar formalaşıb. Türkiyə rəhbərinin dəyişməsi ilə fundamental dəyişiklik baş verməyəcək”.