Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri baş tutdu. Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçirdilər. Jurnalistlərin suallarını cavablandırdılar.
News365.az xəbər verir ki, Milli Məclisin üzvü Soltan Məmmədov bildirir ki, bu səfər Almaniyanın sülh prosesini dəstəkləməsinin və Azərbaycanla tərəfdaşlıqda maraqlı olduğunun göstəricisidir:
” Almaniya dünyada investisiya və ixracat potensialına görə Amerikadan sonra birinci yerdə durur. Hər iki ölkə aralarında siyasi- iqtisadi münasibətlərin qurulmasında maraqlıdır. Prezident İlham Əliyev də Almaniya Prezidenti və Kansleri ilə görüşü zamanı mətbuata verdiyi açıqlamada Azərbaycanın sülh mövqeyini səsləndirdi. Mart ayının əvvəllərində Almaniya Kanslerinin Nikol Paşinyanla görüşü zamanı mətbuata verdiyi açıqlamalardakı qeyri- müəyyənliyə də Kansler aydınlıq gətirdi. Jurnalistlərin sualına açıq – aydın cavab verdi. Dağlıq Qarabağ Respublikasının olmadığını, tanınmadığını, Azərbaycanın ərazi bütövlüyünün Almaniya Prezidenti və Kansleri tərəfindən dəstəkləndiyini bildirməsi Almaniyanın sülh prosesini dəstəklədiyini və Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olduğunu göstərir”.
Deputat bildirir ki, Prezident İlham Əliyevin beynəlxalq platformalarda olduğu kimi yenə də Azərbaycanın mövqeyini səsləndirməsi dünyaya və Avropaya bir mesaj idi:
“Azərbaycan Prezidentinin Azərbaycanın mövqeyi, münaqişənin həll olunması, qarşıdakı risklərin qiymətləndirilməsi barədə çıxışı bütün dünyaya və Avropa ictimaiyyətinə bir siqnal idi. Bildirildi ki, Azərbaycan sülhü, dostluğu dəstəkləsə də, Ermənistan tərəfindən qeyri- adekvat addımlar atılır. Bu səfər Almaniyanın sülh prosesində Azərbaycanı dəstəkləməsinin və ikitərəfli iqtisadi əməkdaşlıqda maraqlı olduğunun sübutu və nümunəsi idi”.