Bu gün- 15 mart Dünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günüdür. İstehlakçıların Hüquqlarının Müdafiəsi Günü ilk dəfə 1983-cü il martın 15-də qeyd olunub. Azərbaycanda istehlakçı hüquqlarının qorunması üzrə qanunvericilik aktlarının təkmilləşdirilməsi ilə bağlı işlər artıq başa çatma mərhələsindədir.
News365.az xəbər verir ki, iqtisadçı Elçin Rəşidov bildirir ki, istehlakçılar öz hüquqlarını bilməli və tələb etməlidirlər:
” İstehsalçı istehlakçıdan daha çox informasiyaya malikdir. İstehsalçı bu informasiya fərqini istismar edə bilər. Alıcını aldada bilər. İstehsalçı və istehlakçıların hüquqlarının tənzimlənməsində dövlətin də rolu vacibdir. İstehlakçıları ən çox narahat edən məsələlərdən biri, günümüzdə binaların zəlzələyə qarşı nə dərəcə dayanıqlı olmasıdır. Bütün binaların zəlzələyə qarşı dayanıqlılığı qiymətləndirilməli və faktlar istehlakçıya təqdim olunmalıdır. Digər məsələ elektrik enerjisinin davamlılığı kəndlərdə şəhərə nisbətən zəifdir. Elektrik enerjisinin verilişində kəsintilərin olması kəndlilərin elektrik cihazlarının sıradan çıxmasına səbəb olur. Ancaq buna baxmayaraq enerji tarifləri həm kənddə, həm şəhərdə eynidir”.
Qeyd edək ki, istehlakçıların əsas hüquqlarına təhlükəsizlik və keyfiyyət, seçim, məlumat almaq, şikayət vermək hüquqları daxildir.