” Avropa Parlamenti öz ənənələrinə uyğun olaraq, ermənipərəst siyasəti həyata keçirir. Orada Marokkodan, Katardan rüşvət almaları skandalı gündəmə gəlmişdi. Həmin Avropa Parlamentinin üzvləri, onların köməkçiləri Ermənistan şəbəkəsinə xidmət edirlər. Yenə də sırtıqcasına Azərbaycana qarşı növbəti qətnamə qəbul etdilər. Onlar bu vaxta kimi 10 belə qətnamə qəbul ediblər. 15 qəpiklik əhəmiyyəti olmayıb. İstəyirlər lap 11,12 qətnamə qəbul etsinlər. İşləri – gücləri yoxdursa, buyursunlar. Onların kağız parçasına əhəmiyyət verən yoxdur”.
Bu sözləri News365.az saytına açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib. Millət vəkili Avropa Parlamentinin qərəzli qətnamələrinin əhəmiyyətsiz olmasını qeyd edib:
“Məndən olsa, heç o sənədə Azərbaycan Parlamenti adından reaksiya vermərik. Biz Avropa Parlamentinin bu cür davranışlarına görə 2016-cı ildə əlaqələri kəsmişdik. 2 il sonra üzrxahlıq etdilər və münasibətlər bərpa olundu. Özlərini hörmətdən salırlar. Hansısa Avropa Birliyi nümayəndəsinin cəsarəti çatmaz ki, o kağız parçasını götürüb Azərbaycan rəsmisi ilə bu məsələ ətrafında danışsın. Avropa Birliyinə daxil olan dövlətlərin özlərinin milli azlıqlar, seperatizmlə bağlı xeyli problemləri var. Getsinlər, öz işləri ilə məşğul olsunlar”.