“Məlum oldu ki, həmin sahibkar yaxınlıqda olan binadan 20 mm-lik su xətti vasitəsilə qeyri-qanuni sudan istifadə edir. Dəfələrlə xəbərdarlıq etməyimizə baxmayaraq, bu gün də sudan qeyri-qanuni istifadə etməyə davam edir. Tərəfimizdən su xətti kəsildi”.
News365.az xəbər verir ki, bunu Bağlar Sukanal İdarəsinin şöbə rəisi Ceyhun Məmişov deyib.
Mehdiabad qəsəbəsi 28 may küçəsində yerləşən və hazırda tikintisi davam edən obyektə yaxınlıqdan keçən su kəmərindən qanunsuz xətt çəkilib. Obyekt sahibi texniki şərt almadan və müqavilə bağlamadan sudan qanunsuz istifadə edir.
Nəzarət tədbirləri zamanı Məhəmmədi kəndi, Əziz Əliyev küçəsində yerləşən fərdi sahibkara məxsus ət mağazasının su təchizatı sisteminə baxış keçirilərkən məlum olub ki, obyektin suya olan tələbatı sahibi tərəfindən yaxınlıqda yerləşən binadan qanunsuz çəkilmiş xətt hesabına təmin olunurmuş.
Aşkarlanmış faktlarla bağlı obyektlərin sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumatlar verilib. Eyni zamanda bildirilib ki, içməli sudan qeyri-qanuni və israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejmlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Eyni zamanda qəza briqadalarının sudan qanunsuz istifadə hallarının aradan qaldırılmasına cəlb olunması digər ərazilərdə baş vermiş su axıntılarının qarşısını alınmasını gecikdirir, vaxt itkisinə və əlavə xərclərin yaranmasına gətirib çıxarır.
Su ehtiyatlarından səmərəli istifadə üzrə komissiyanın tapşırıqlarına əsasən içməli sudan qanunsuz istifadə hallarının qarşısını almaq üçün nəzarət tədbirləri gücləndirilib və belə hallara yol verənlərə qarşı daha sərt tədbirlər görüləcək, aşkarlanmış faktlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcək.
Qeyd edək ki, 2023-cü ilin yanvar-fevral aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti üzrə 1788, Bağlar Sukanal İdarəsi üzrə 145 fakt aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı 542 min kubmetr, Bağlar Sukanal İdarəsi üzrə 39 min kubmetr həcmində sərfiyyat bərpa olunub.