“Ov silahlarından başqa silahın saxlanması cinayətdir”

Paylaşın

” Ölkəmizdə xidməti silah qismində hüquq- mühafizə xidməti əməkdaşlarında, hakimlərdə tapançaların olması mümkündür. Vətəndaşların qanuni yollarla ala biləcəkləri odlu silah sadəcə ov silahıdır. Bunların lülələri yivsizdir. Uzun lüləli silahlardır. Əgər ov silahı kəsilərək qısaldılırsa, onda qanunsuz sayılır”.

News365.az xəbər verir ki, bu sözləri hüquqşünas Fərhad Mehdiyev son günlər ölkədə baş verən silahlı insidentlər barədə danışarkən deyib. Hüquqşünas qeyd edir ki, insident törədilən silahların müharibə zamanı erməni əsgərlərindən hərbi qənimət kimi götürülən silahlar olması ehtimalı yüksəkdir:

“İnsident törədilən silahlar,  böyük ehtimalla, İkinci Qarabağ Müharibəsi zamanı öldürülən erməni zabitlərinin və xüsusi təyinatlılarının üzərlərindən götürülən silahlardır. Söhbət tapançalardan gedir. Onların ölçüləri balacadır və cəbhə zonasından çıxarılması mümkündür. Təbii ki, cəbhə xəttində iki post- patrul xidməti fəaliyyət göstərirdi. Ancaq görünən odur ki, yenə də qanunsuz silahlar keçirilib və satışı təşkil olunub “.
Qeyd edək ki, dövriyyəsinə icazə verilməyən silahların mülki əhalidə olması cinayətdir. Həmin şəxs Cinayət Məcəlləsinin 228- ci maddəsi ilə məsuliyyətə cəlb olunur və 3 ilə qədər azadlıqdan məhrum edilir.