“”Datçik”lə oyunçu dəyişməyi mən də bacararam”

Paylaşın

“Şamaxı”nın məşqçisinə sual verirəm ki, “gücünüzü oyunun 90 dəqiqəsinə düzgün paylaya bilmədiz. Konkret 60-80-ci dəqiqələr arasında meydanda yox idiz”. Adam mənə cavab verdi ki, “bəs bizdə avadanlıq var, kimin yorulduğunu anında bilirik. Baxdıq, kimlər yoruldu, əvəzlədik. Son saniyələrdə də qol epizodlarımız oldu”.

Bunu news365.az-a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib.

“Məntiqlə düz deyir. Amma “datçik”lə oyunçu dəyişməyi mən də bacararam. Əsas meydanı, orda baş verənləri düz görməyi bacarmaqdı. Amillə Elvinin, həmçinin digərlərinin gücü çatmayacaqdısa, yalnız 45-60 dəqiqə oynaya biləcəkdilərsə, bu 45-60 dəqiqədən daha doğru yararlanmaq olardı. Ya da heç olmasa bəzilərini meydanda saxlayıb son dəqiqələrdəki epizodlarda onların təcrübəsindən istifadə edilərdi.

Həm də ki, 17 dəqiqədə (62-79-cu dəqiqələr), hesab 0:0 olan vaxtda 5 əvəzetmə etmək nədi? 17 dəqiqədə komandanın yarısını dəyişmək ciddi səhvdi. Təzələr özünə gələnə, meydanda yerləşənə qədər rəqib qol vurub (81-ci dəqiqə) qələbə qazandı. Sırf mövqe, yerləşmə səhvinə görə.

Yerləşmə demişkən, oyun bitəndən cəmi 3 dəqiqə sonra tamaşaçı sektorunun önündə durub meydanda komandaları, detalları izlədiyimiz vaxtda, çox hörmətli asayiş keşikçiləri biz medianı çölə “dəvət elədilər”. Durum o qədər absurd idi ki, rəsmən çaşıb qalmışdıq. Yalnız 10 dəqiqə deyişmə-dartışmadan və klubun mətbuat katibinin gəlişindən sonra başa sala bildik ki, bəs elə deyil, belədi. Hərə öz yerini bilməlidi. “Şamaxı” rəhbərləri mediadan şikayət etməzdən öncə arenada KİV-ə normal fəaliyyət imkanı yaratsın, sonra nəsə deyərlər.

Yenə də yerləşmə demişkən, 3-cü pillədə yerləşən “Neftçi” son zamanlar əsl mən istəyən “Neftçi”yə çevrilməkdədi. Həmişə demişəm, yenə də təkrar edə bilərəm ki, böyük komanda məzmunsuz oyunla da nəticə qazanmağı bacarmalıdı. Hələ fasilədə həmkarlarıma dedim ki, “Neftçi” imkan tapıb “durnoy” da olsa, bir qol vuracaq. Elə də oldu. Rəqibin təcrübəsizliyindən mahircəsinə istifadə elədilər. Piton kimi səbrli davrandılar və ilk boşluqdan yararlanıb qələbəni qazandılar. Klass budu. Ötən tur “Turan Tovuz”u gözəl oyunla udmaq da var, bu tur “Şamaxı”nı məzmunsuz, rəngsiz oyunla da. Yeganə təəssüf odu ki, gecdi. Qatar gedib, çempionluq əldən çıxıb. Yersiz xal itkiləri olmasaydı, indi başqa durum olacaqdı. Qalıb kubok, mənə görə ordakı qələbə belə bu mövsumu qurtarmayacaq. “Neftçi” indidən gələn ilin planlarını cızmalıdı. Donyo kimi pol taxtası əvəzinə Saldanya kimi yaxşı oyunçular transfer etməli, güclü heyət, rəqabətədavamlı komanda qurmalıdı. Yoxsa əvvəlki səhvlər təkrarlanacaqsa, əvvəlki nəticələr də təkrarlanacaq”

 

K.H

News365.az