” Mart- aprel ayları, adətən, silahlı qüvvələr üçün ağır aylar olur. Ona görə ki, mart ayı müsəlman aləminin yeni ili sayılır. Buna görə də Ermənistan və onun havadarları bu ayın Azərbaycan əsgəri üçün ağır və qayğılı keçməsinə çalışırlar. Təxribatlar törədirlər”.
News365.az xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov bildirib. O, qeyd edir ki, ermənilər mart-aprel aylarında cəbhədə vəziyyəti gərginləşdirmək üçün aktivləşə bilərlər:
“Yadıma gəlir ki, hələ 90-cı illərdə mən Füzuli döyüş briqadasının komandir müavini olduğum vaxtlarda bir mart ayında çətinliklərlə üzləşirdik. Gələn ay da ermənilərin qondarma ” soyqırım” ayıdır. Bu vaxt da ermənilər cəbhədə vəziyyətin gərginləşməsində xüsusilə maraqlı olurlar”, – deyə ekspert bildirib.
Qeyd edək ki, Martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, hərbi birlik komandirləri, həmçinin videobağlantı vasitəsilə hərbi birləşmə komandirləri iştirak ediblər. Xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı təhlükəsizlik qaydalarına riayət edilməsi və yanğın əleyhinə zəruri tədbirlərin görülməsinin əhəmiyyəti qeyd olunub.
Novruz bayramı günlərində bölmələrin döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, döyüş növbətçiliyinə cəlb edilən şəxsi heyətin sayıqlığının daha da artırılması barədə konkret tapşırıqlar verilib.