“İran özünü yığışdırmalıdır”

Paylaşın

” İran təxribatçı mövqeyi ilə Azərbaycanı hər hansısa təxribatlara çəkməyə çalışır. Xatırlayıram ki, 2001-ci ildə də İran, demək olar ki, hər gün dövlət sərhədlərimizi pozurdu. Sonda bəyanat verildi ki, bir daha İran hərbi təyyarələri sərhəddi pozsa, vurulacaq. Daha sonra “Türk ulduzları” Bakıya gəldilər. Dənizkənarı milli parkda 1 milyon insan onların manevrlərini izlədi. İran bundan sonra dayandı. Son hadisələrlə bağlı da Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyinin birgə bəyanatı oldu. İran səfiri XİN- ə çağırıldı, ona etiraz notası təqdim olundu. Hesab edirəm ki, İran özünü yığışdırmalıdır. Əks təqdirdə onun da taleyi Ermənistanın taleyi kimi qaranlıq olacaq”.
News365.az xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev səsləndirib. Millət vəkili İranın təhrikedici addımları davam edərsə, bunun İran üçün mənfi nəticələnəcəyini vurğulayıb.

Xatırladaq ki, martın 11-də İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 km məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb və ona müvafiq etiraz notası təqdim olunub.