” Qlobal Bakı Forumu dünya siyasətində yeni trendlərin izlənməsi, dünyanın üzləşdiyi yeni çağırışların müzakirəyə çıxarılması baxımından nisbətən gənc, lakin məhsuldar platformalardan biridir. Qlobal Bakı Forumunda digər forumlarda müzakirə olunmamış regional və qlobal məsələlər müzakirəyə çıxarılır. Bəşəriyyəti təhdid edən təhlükələr, insanların gələcək həyatına təhlükə törədəcək yeni meyllərin həll yolları axtarılır. Qlobal Forumun iştirakçılarına baxdıqda biz beynəlxalq siyasətlə məşğul olmuş və hazırda da məşğul olan, eləcə də dünya miqyasında siyasi proseslərin təhlili, araşdırmaları ilə məşğul olan beyin mərkəzlərinin daha çox maraq göstərdiyini müşahidə edirik. Qlobal Bakı Forumu yeni siyasi trendlərin analizi, onların proqnozlaşdırılması baxımından dünya üçün olduqca səmərəli platformadır. Qlobal Bakı Forumu ölkəmiz üçün də olduqca faydalı platformadır. Azərbaycan bu platformadan istifadə edərək, özünün dünya siyasətinə baxışını, regionda baş verən hadisələrə münasibətini, eləcə də bəşəriyyətə verə biləcəyi töhvələri təqdim edə bilər”.
Bu fikirləri News365.az saytına açıqlamasında millət vəkili Cavanşir Feyziyev səsləndirib. Millət vəkili bildirir ki, forum qlobal problemlərin həlli istiqamətində əməkdaşlığa töhvə verir:
” Həmişə olduğu kimi X Qlobal Bakı Forumunda da dünyanın üzləşdiyi və ya üzləşə biləcəyi təhlükələr barədə söhbət aparılır. Beynəlxalq təhlükəsizlik, ərzaq və nüvə təhlükəsizliyi haqqında müzakirələr aparılır. Müxtəlif ölkələrin bu kimi təhdidlərə nə dərəcədə hazır olması araşdırılır. Azərbaycan bu sahədə inkişaf etmiş ölkələrin zəif ölkələrə kömək etməsi təbliğatı ilə çıxış edir. Azərbaycan dünyanın əksər ölkələri tərəfindən məmnuniyyətlə qarşılanır. Azərbaycan bütün ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığa və dövlətlərin bir – birinə qarşılıqlı yardımına əsaslanan siyasət yürüdür. Eyni zamanda Azərbaycan öz həqiqətlərini dünya ictimaiyyətinə və öz sahəsində ixtisaslaşan mütəxəssislərə çatdırmaq üçün bu platformadan məharətlə istifadə edir”.
Millət vəkili qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sülh çağırışı Azərbaycanın sülhə tərəfdar olmasını bütün dünyaya sübut edir:
” Qlobal Forumun toplantılarında vaxtaşırı olaraq təhlükə və təhdidlərdən, qlobal problemlərdən danışılsa da, çıxışların əsas leytmotivi dünya birliyini sülhə və əməkdaşlığa dəvət etməkdir. Azərbaycanın bu platformadan səsləndirdiyi ideyalar həmişə əməkdaşlığa, sülhə, qarşılıqlı münasibətlərin inkişafına yönəlmişdir. Eyni zamanda Azərbaycan özünün həyata keçirdiyi layihələr də bu çağırışlarla səsləşir. İstər regional, istərsə də qlobal səviyyədə Azərbaycan həyata keçirdiyi iqtisadi layihələr də humanitar forumlarda etdiyi çağırışlara adekvat olaraq baş tutur. Azərbaycanın səsləndirdiyi ideya və nəzəriyyələrdə siyasət və iqtisadiyyat birləşir, təhlükəsizlik məsələləri də paralel olaraq həllini tapır. Azərbaycan Prezidenti Ermənistanı sülhə səslədi və sülhün 5 prinsipini forum iştirakçılarının diqqətinə çatdırdı. Dünyanın heç bir dövləti bu şərtlərə qarşı çıxa bilməz. Çünki bu şərtlər beynəlxalq prinsiplərə əsaslanaraq irəli sürülür. Ermənistan bu şərtləri qəbul etməsə, özünü dünya birliyi qarşısında sülhə deyil, qarşıdurmaya xidmət edən dövlət kimi sərgiləmiş olacaq “.
Ləman Şərifova