“Qabaqda bizi uzun illər sürəcək savaşın şahidi olmaq gözləyir”

Paylaşın

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan apreldə İstanbulda Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenski arasında görüş təşkil etmək istəyir.  Türkiyə tərəfinin əsas missiyası Putin və Zelenskinin xarici müdaxilə olmadan heç olmasa bir dəfə görüşməsi və birbaşa danışması üçün şərait yaratmaqdır. Bu görüş sülhün əldə olunmasına şərait yarada bilərmi? Rusiya işğalçılıq siyasətindən əl çəkəcəkmi?

News365.az saytına açıqlama verən  Böyük Türk Qurultayın çağrılması üzrə Uluslararası Çağrı Komitəsinin sədri, uluslararası hüquqçu İbrahim Xəlil Balayoğulları bildirir ki, məsələni bir çox aspektdən dəyərləndirmək lazımdır:

Hər şeydən öncə bu savaşın sadəcə Ukraynayla Rusiya arasında getmədiyini etiraf etmək lazımdır və bu gün kollektiv Batının tutumu məhz belə qənaətin doğruluğunu isbat edir. Çünki Batı əlində olan bütün imkanlarıyla bu savaşda iştirak edir və açıq-aşkar özünü guya Ukraynanın haqqlarını müdafiəçisi kimi göstərir. Mənsə burada böyük bir geosiyasi qarşıdurmada Ukraynanın qurban gətirildiyi kimi dəyərləndirirəm. Yəni, bu gündən sonra hətta Ukrayna formal baxımdan öz ərazi bütövlüyünü təmin etsə belə, formal hərbi qələbə qazanmış olsa belə, bunu qələbə adlandırmaq olacaqmı? Yəni Pirr qələbəsini, əhalisinin hardasa 50 faizinin itirilməsi, ölkə iqtisadiyyatının demək olar ki, dağıdılması hesabına nail olunan qələbə gerçəkdən də QƏLƏBƏDİRMİ?! Və bu gerçəklik, mahiyyət etibarı ilə, Ukraynanın qurban gətirildiyi gerçəyini inkar edirmi?

Bu geosiyasi qarşıdurmanı daha yaxşı anlamaq üçün tarixdə buna birə-bir bənzər bir hadisəni – 1962-ci il Karib böhranını xatırlamaqda  yarar var. Analogiyalarla tarixə nəzər salaq…

O zamanın Ukraynasında, yəni Kubada cərəyan edirdi hadisələr. O zamanın Amerikası, yəni SSRİ Kubanın demokratik, suveren, müstəqil dövlət haqlarından istifadə edərək orada baza yaratmış, raketlər yerləşdirmişdi. Bu günün Ukraynası kimi, o zamanın Kubasının da özünə dost seçmək, özünə müttəfiq seçmək haqqı yox idimi? Və qarşılığında nə oldu? O zamanın Rusiyası, yəni ABŞ tarixində ilk dəfə öz silahlı qüvvələrini ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirdi və DEFCON –2 elan olundu.Yəni dünya nüvə savaşının lap astanasındaydı və o zamanın Rusiyası, yəni ABŞ sovet hərbi güclərinin adadan çıxmasını, raketlərin sökülməsini və adadan uzaq durmağı tələb edirdi. O zamanın siyasi liderləri, Kennedi və Xruşşov görünür indikilərdən daha bilgə, daha ağıllı idilər ki, böhranı dinc yolla sona çatdırdılar. Bu gün isə qurdlar süfrəsində ortada qalan Ukraynanın şahidiyik, dünən, yəni Rusiya-Ukrayna savaşının qaynar fazasına qədər Ukrayna lideri əlini açıb bütün Batı ölkələrinin qapısını döyürdü ki, onun ölkəsinə iqtisadi yardım göstərilsin, təcili problemlərin həlli üçün yanılmıramsa, 4 milyard dollar lazım idi. Bunun qarşılığında onun qabağına qoyulmayan şərt qalmadı, min oyundan çıxdılar, vermədilər ki, vermədilər. Amma bu gün çox rahatlıqla milyardlarla dollarlıq silahlarını, hərbi yardımlarını uf demədən təmin edirlər! Ukraynanı çox sevdiklərindənmi? Bilirik ki, elə deyil! Ukraynayla bağlı ədalət tərəfdarları olduqlarındanmı? Təbii ki, öz təcrübəmizdən bilirik, ikiüzlülərdə ədalət olmaz! Haqq-hüquq tərəfdarları olduqlarındanmı?

Biz Liviyada, İraqda onların haqqını da, hüququnu da gördük! Deməli, Ukraynaın qəbul edəcəyi qərarlara həlledici təsir imkanlarına malik güclərin bu savaşda öz maraqları var, bu maraqlar heç də hər yerdə Ukrayna xalqının maraqlarıyla üst-üstə düşmür, onlar Ukrayna insanları hesabına öz maraqlarını təmin edə bilmək üçün hər şeyə gedəcəklər və belə tezliklə və mövcud şərtlər çərçivəsində savaşın dayanmasında qətiyyən maraqlı deyillər.

 Bəs Rusiya?

Rusiya və onu təmsil edən Kreml süddən çıxmış ağ qaşıq heç deyil və sadəcə nüvə silahına sahib olması ona bu cəsarəti verir. Almaniyanın keçmiş kansleri, Helmut Şmitin bənzətməsi vardı: Rusiya nüvə silahına sahib Yuxarı Voltadır (indiki Burkina Faso). Onun üçün nə öz vətəndaşlarının həyatının dəyəri var, nə də başqa ölkələrin. Yəni savaşdakı ölümlərin sayı onu durdurmayacaq. Mənim fikrimcə, sanksiyalar da siyasi dəyişikliklərə səbəb olmayacaq. Məsələn, İran elə 1979-cu ildən bu yana sanksiyalar altındadır, hələ də orada molla rejimi at oynadır. Bundan başqa, Rusiyanın sıravi əhalisi hələ sanksiyalardan öncə də elə son dərəcə ağır vəziyyətdə yaşayırdı. Bizlərin hər birimizin Rusiyada yaşayan yaxınları, əzizləri var və onlardan əhalinin əvvəllər də necə yaşadığını soruşsaq, təsdiqləyəcəklər ki, Moskvadan 30-50 km məsafədən sadə insanlar çox ağır durumda yaşayır. Və sanksiyalar yalnız oğurladıqları kapitalının və əmlakının bir hissəsi, lap deyək ki, böyük hissəsi xaricdə qalan oliqarxlara, elita təmsilçilərinə təsir edə, onları qismən kasıblada bilər. Amma onların Rusiyadakı əmlakı, maddi imkanları, maşınları və s. yerində qalıb. Bu anlamda, onların durumu acınacaqlı deyil. Üstəlik də, onların bugünkü cinayətkar siyasi rejimlə əlbirliyini diqqətə alacaq olsaq, tökülən qanlarda onların da əlinin olduğunu dəyərləndirsək, o zaman onlardan da kəskin siyasi mövqe dəyişikliyi gözləmək yersizdir. Yəni Kremlin belə xoşa-xoşluqla sülh bağlayacağına, qəsb etdiyi, işğal etdiyi torpaqlardan rahatlıqla imtina edəcəyinə inanmaq sadəlövhlük olardı.

 Türkiyənin vasitəçiliyi ilə baş tutacaq görüş mənfi gedişatı müsbətə çevirə bilərmi?

 Qaldı ki, Türkiyəmizin prezidenti Rəcəb Tayyib Ərdoğanın apreldə Rusiya və Ukrayna liderlərinin görüşünü təşkil etmək istəməsi, bu qədər təcrübə sahibi olan Ərdoğan kimi nəhəng siyasətçi bu görüşün həmin ölkələr arasında bu günkü münasibətlərə təsir etməyəcəyini çox yaxşı bilir. Amma görüş nəzəri baxımdan mümkündür və 14 mayda Türkiyədə seçkilərin keçiriləcəyini diqqətə alacaq olsaq, onun seçkiöncəsi Ərdoğana böyük siyasi dividentlər gətirəcəyi şübhəsizdir. Amma dünyanın dörd bir yanında hər gün öldürülən Ukraynalı uşaqlara, qocalara, qadınlara göz yaşı tökən sadə insanların gözlədikləri sülhün əldə olunmasına – yaxın vaxtlarda bunun baş tutacağına inanmıram. Bu savaş dünyanın idarə edən güclər tərəfindən belə tezliklə bitməsi üçün başladılmayıb! Qabaqda bizi uzun illər davam edəcək bu savaşın şahidi olmaq gözləyir.

Bir də, bütün bunları izləyən bizlərin, bütövlükdə Azərbaycanın durumdan alacağı dərsləri diqqətlə oxumağımız, öz strateji maraqlarımızı gələcəkdə təmin edə bilməmiz üçün doğru nəticələr çıxartmağımız lazımdır”.

Ləman Şərifova