” Azərbaycanla Ermənistanı müqayisəsi edəndə bir çox məsələlərdə onlardan üstün olduğumuzu görürük. Cənab Prezidentin çıxışının qırmızı xətti o idi ki, Dağlıq Qarabağda olan erməni əhalisi indikindən qat-qat yaxşı yaşayacaq. Bir müddət əvvəl Dağlıq Qarabağda yaşayan erməni sakininin azərbaycanlı ekoaktivistlərə yaxınlaşaraq siqaret və çörək istəməsi göz qabağındadır. Bizimkilər onlardan çörək istəmir, onlar bizdən istəyirlər. Bu 30 illik işğalda Ermənistan özü üçün nə qazandı və yerli əhaliyə nə qazandırdı?!”
News365.az xəbər verir ki, bu fikirləri millət vəkili Aydın Mirzəzadə Prezident İlham Əliyevin X Qlobal Bakı Forumunda Qarabağ erməniləri ilə bağlı fikrini şərh edərkən deyib:
“Cənab Prezident ordakı erməni əhali üçün daha yaxşı həyat şəraiti təklif edir. Daha yaxşı kommunikasiya, məktəblər, xəstəxanalar olacaq. Daha yüksək pensiyalar alacaqlar. Azərbaycan cəmiyyətinə reinteqrasiya olacaqlar. Bu terminə də diqqət çəkmək istəyirəm. Biz inteqrasiyadan deyil, reinteqrasiyadan danışırıq. Yəni bu əhali əvvəllər Azərbaycan cəmiyyətinin tərkib hissəsi olub. Onların reinteqrasiyasına Azərbaycan cəmiyyəti hazırdır “.
Xatırladaq ki, Prezident İlham Əliyev X Qlobal Bakı Forumunda Qarabağdakı erməni əhali barədə aşağıdakı fikirləri səsləndirmişdi:
“Azərbaycandakı erməni azlığına gəldikdə, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. Bir sözlə, əminəm ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq”.
News365.az