Azərbaycan Ermənistanla danışıqlarda öz məqsədlərinə çatmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazırdır. Bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və digər kəşfiyyat xidmətləri tərəfindən aparılan 2023-cü il üçün qlobal təhdidlərin təhlilində (İllik Təhlükələrin Qiymətləndirilməsi) deyilir. Təhlildə qeyd olunur ki, qoşunların sərhədə yaxın ərazidə olması silahlı toqquşma riskini artırır, lakin onların müddəti və intensivliyi məhduddur. Vurğulanır ki, sülh danışıqlarında müəyyən irəliləyiş əldə olunub, lakin dövlət sərhədləri və Qarabağın gələcəyi ilə bağlı ən çətin məsələlər həll olunmaqdan uzaqdır.
News365.az xəbər verir ki, ABŞ kəşfiyyatının açıqlamasını şərh edən siyasi elmlər doktoru, professor Sabir Məmmədli Qərbin bu cür açıqlamalarla münaqişəni közərtməyə çalışdığını qeyd edir:
” Qərb Qarabağ məsələsinin həllinə maraqlı deyil. Əgər bu məsələ bağlansa, Rusiya və Qərbin regionu qarışdırmaq cəhdləri tükənəcək. Onlar münaqişəni közərtməyə çalışırlar ki, burada öz maraqlarını təmin etmələri üçün əllərində müəyyən əsaslar olsun. Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin açıqlaması başadüşüləndir. Erməni seperatçılarının və Rusiya sülhməramlılarının öhdəliklərini yerinə yetirmədiyi təqdirdə təbii ki, ziddiyyətlər olacaq. Avropa İttifaqı müşahidəçiləri sərhədboyu atışmalarda , deyək ki, Azərbaycan əsgərlərini ittiham edirlər. Bəs Xankəndi və ətraf ərazilərdə niyə erməni əsgərləri var?! BMT- nin 4 qətnaməsinin hər birində erməni silahlılarının Qarabağdan çıxarılması qeyd olunub. Avropa İttifaqı buna niyə diqqət yetirmir?!”
News365.az