Xəzər rayonunda qəbul imtahanlarında yüksək bal toplayan gənclərlə görüş keçirilib

Paylaşın

Xəzər rayonunda 2021-2022-ci tədris ilində yüksək nəticələr əldə edərək ali təhsil
müəssisələrinə qəbul olunmuş tələbələrlə Rayon İcra Hakimiyyəti rəhbərliyinin və rayon
ictimaiyyətinin görüşü keçirilib.
6 sentyabr 2022-ci il tarixində Mərdəkan Mədəniyyət Sarayında keçirilən görüşdə Xəzər
Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Millət vəkili Rauf Əliyev, YAP Xəzər rayon
Təşkilatının sədri Namiq Əhmədov, Təhsil İşçiləri  Azad Həmkarlar İttifaqının Xəzər rayon
Komitəsinin sədri Həzərxan Əbilov, təhsil müəssisələrinin müəllimləri və tələbə adını
qazanmış gənclər iştirak etmişdir.
İlk öncə tədbir iştirakçıları tərəfindən Respublikamızın ərazi bütövlüyünün qorunması,
bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə
ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bu il tələbə
adını qazanan məzunları təbrik edib, yeni tədris ilində onlara uğurlar arzulayıb. O,
Azərbaycanın son illər təhsil sistemində əldə etdiyi uğurlarından və təhsil sahəsinin inkişafına
göstərilən dövlət qayğısından danışaraq bildirib ki, bu siyasətin uğurlu nəticələri Xəzər
rayonunun həyatında da öz əksini tapır. E.Salahov Ulu Öndər Heydər Əliyevin siyasi kursunu
layiqincə davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Respublikamızın hər yerində olduğu kimi Xəzər
rayonunda da inşa edilən, müasir standartlara cavab verən yeni məktəb binalarının, təhsil
müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinin Azərbaycanda təhsilin
inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.
Daha sonra Millət vəkili Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq
Əhmədov, Təhsil İşçiləri  Azad Həmkarlar İttifaqının Xəzər rayon Komitəsinin sədri Həzərxan
Əbilov və 125 nömrəli məktəbin direktoru Zeynəb Əliyeva çıxış edərək rayonumuzun çətin
bilik yarışmasında qalib çıxaraq tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu
böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildiriblər ki, 2005-ci ildən etibarən
Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizin müxtəlif bölgələri ilə yanaşı Xəzər rayonunda
təhsil və səhiyyə ocaqlarının bərpası və yeniləri ilə əvəzlənməsi müasir Azərbaycanın inkişaf
tarixində parlaq bir səhifədir. “Yeniləşən Azərbaycana yeni məktəb”, Uşaq evləri və internat
məktəblərinin inkişafına dəstək layihələrinin gerçəkləşməsi  kimi vacib tədbirlər Xəzər
rayonunda da baş verib.
Görüşdə IV ixtisas qrupu üzrə ən yüksək – 700 balı toplayan Nigar Ağazadə və Vətən
Müharibəsi şəhidi Mirzə Axundovun oğlu Ağamusa Axundov çıxış edərək, onlara yaradılan
şəraitə, diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirib.
Sonda tələbə adını qazanmış gənclərə hədiyyələr təqdim edilmiş və  onlarla xatirə
şəkli çəkidirib.